Qırxbuğum

Qırxbuğum

Xalq təbabəti

Hündürlüyü 15-40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır. Arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 2300 m qədər) bitir. Kserofitdir, dağ-kserofit və alaq bitkilik tiplərində rast gəlir. Əsasən daşlı yamaclarda, yol kənarlarında və baxımsız olan yerlərdə sərilmiş kiçik ləkələr əmələ gətirir. Kumarin, flavonoid, efir yağları, C vitamini və antosianlarla zəngindir. Qırxbuğum farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental, Tibet, Çin və xalq təbabətində, eləcə də homeopatiyada və farmakologiyada geniş tətbiq edilir. Əsasən mədə və onikibarmaq bağırsaq xoraları, dizenteriya, öd kisəsi, böyrək, sidik kisəsi, qaraciyər, ağciyər vərəmi, dəri, malyariya xəstəlikləri, şişlər, podaqra, babasil, qanaxmalar zamanı istifadə olunur. Antioksidant, antihelmint, fitonsid, sidikqovucu, hərarəti salan, hipotenziv, qansaxlayıcı, büzücü, damargenişləndirici, şualanmadan qoruyucu, iltihab proseslərinə qarşı və s. təsirə malikdir. Hamiləlik dövründə istifadəsi ziyandır. Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları və toxumları istifadə edilir. Yol otunun yerüstü hissəsi çiçəkləmədən əvvəl bişmiş halda qida kimi istifadə olunur. Çox vaxt qurudulur və qışda dovğaya əlavə olunur. Bundan başqa qırxbuğumlu plovun hazırlanmasında da istifadə olunur. Ev quşları üçün yem, eləcə də boyaq bitkisidir.

Рекомендуем почитать

Çoxsaylı faydaları olan çobanyastığı: Nə zaman və necə istifadə olunmalıdır? Xalq təbabətində ən çox istifadə..

Azərbaycanda dəvədabanının bir növü yabanı halda bitir. Əsasən Böyük və Kiçik Qafqaz sıra..

Yovşan çöl bitkisi olub mürəkkəbçiçəklər fəsiləsinə aiddir. Xalq arasında o acı yovşan adı ilə də..