Baba Qanuş

Baba Qanuş

Porsiyalar
4 porsiya
TƏRKİBİ

    8 orta boylu badımcan
    2 xörək qaşığı tahin (küncüt pastası/əzməsi)
    2 xörək qaşığı zeytun yağı
    2-3 diş sarımsaq, sarımsaq əzəndən keçirilmiş
    4 xörək qaşığı təzə limon suyu
    2 xörək qaşığı qatıq
    Duz
    Zeytun yağı, üstünə tökməyə
    İncə doğranmış cəfəri, üstünə səpməyə
    Sumaq, üstünə səpməyə (istəsəniz)

Baba qanuş yer üzünə məlum olan ən yaxşı badımcan qəlyanaltılarından biridir. Baba qanuşu hazırlamaq üçün közərdilmiş badımcanı əzirlər, daha sonra tahin, sarımsaq və limon suyu ilə qarışdırırlar.

Ərəbcə “baba” “ata”, “ğanuş” isə “ərköyün,” mənasında işlənir.  Beləliklə “baba ğanuş”un (alternativ sələnişləri: baba ganuş, baba ğanuc) hərfi tərcüməsi “ərköyün ata”dır. Bir mənbə onu hətta “atanın gül balası” kimi tərcümə edir. Məzəli addır, elə deyilmi? Adın etimologiyası bir tərəfə, baba qanuş əla yeməkdir!

Əgər siz bu əzmənin dadına restoranda baxmısınızsa və sizə onun necə hazırlandığı maraqlı gəlibsə bilin ki, bu əsla çətin deyil. Əlbəttə ki, əlinzdə düzgün təlimatları verən, bütün sirləri açan yaxşı resept varsa.  Beləliklə mən sizə öz gözəl reseptimi təqdim edirəm. Bu reseptin üzərində o qədər işləmişəm ki, istənilən restoranda hazırlanmış baba qanuşdan yaxşı alınır (bu cümləni deyərkən məni ciddi və iddialı görkəmdə təsəvvür edin). Nuş olsun, əziz dostlar !

Başlamazdan əvvəl bir neçə qeyd:

1. Ən yaxşı baba qanuş ağac közünün üzərində, yaxud açıq alovda hazırlanmış badımcandan alınır.  Köz ətri bu əzmənin gözəl dadına əla yaraşır. (Hazırlanma qaydasına baxın.)

2. Orta boylu badımcanlar alın. Yumru badımcan baba qanuş üçün ən yaxşı namizəd deyil, çünki onlar çox iri olduğundan közdə, yaxud alovda bərabər qaydada bişmir, xüsusən də əgər siz manqal, yaxud qaz sobasından istifadə edirsinizsə.

3. Badımcanlaın içərisindəki tumlara diqqət edin. Tumu çox, yaxud tumlarının rəngi çox tünd olan badımcanlar əzmənin içində yaxşı görünməyə bilər. Əlavə məlumat üçün reseptə baxın.

4. Mən öz baba qanuşuma qatıq əlavə etməyi sevirəm, çünki qatıq onun rəngini açır və ona kremvari tekstura verir (sirrimi açdım). Məsləhətdir. Siz də belə edə bilərsiniz.

5. Baxmayaraq ki, mən bu resepti bacardığım qədər yaxşılaşdırmağa çalışmışam, siz öz baba qanuşunuza zövqünüzə görə daha çox tahin, sarımsaq, yaxud limon suyu əlavə edə bilərsiniz.

Hazırlanma qaydası:

Əvvəlcə badımcanları közdə, yaxud açıq atəşdə bişirin. Bunun üçün əlinizdəki imkanlardan asılı olaraq bir neçə üsul var. Məqsəd badımcanların qabığını közləndirmək, mətini isə yumşaltmaqdır. Bu işi həll edəndən sonra badımcaları soyumaq üçün kənara qoyun.

1) Odun qrilində (tövsiyyə olunan üsuldur, ən yaxşı dad məhz belə əldə edilir):  Odunu yandırın və alovun dilləri itənə, yerində yanan köz qalana qədər gözləyin. Badımcanları közüm içinə basdırın və burada 15 dəqiqə bişirin. Siz həm də badımcanları şişə çəkib şişləri közün üzərinə yerləşdirə bilərsiniz. Bu halda siz şişləri vaxtaşırı çevirməlisiniz ki, badımcanların hər tərəfi közlənsin.

2)  Qaz sobasında (bu da yaxşıdır; bu halda da köz dadını əldə edəcəksiniz). Badımcanları qaz sobanızda birbaşa açıq alovun dilləri üzərinə yerləşdirin. Onları vaxtaşırı maşa iləgötürərək çevirin ki, hər tərəfi közərsin. (Mənim sobam elektrik sobasıdır, ona görə mən badımcanları birbaşa qızdırılmış plitənin üzərinə qoyuram və orta istilikdə təxminən 10 dəqiqə bişirirəm. u zaman onları vaxtaşırı  çevirirəm ki, hər tərəfi közlənsin. Bu halda da köz dadı alınır.)

3) Sobanın içində (duxovkada) (ən az tövsiyyə olunan üsul; köz ətri çox az olur): Badımcanları listin üzərinə yerləşdirin və 205 dərəcə selsiyə qədər qızdırılmış sobada qabıqlar közlənənə, badımcanlar yumşalana qədər, təqribən 25 dəqiqə bişirin.

Badımcanlar bir az soyuyandan sonra onların qabığını tam soyun. İndi isə tumlara fikir verin – əgər onlar çox tünd rənglidirsə və çoxdursa onları ehtiyatla çıxarıb kənara qoyun (atmayın! Bir az duz səpib ləzzətlə yeyin!) Əgər tumları azdırsa və rəngi açıqdırsa qoyun qalsın. Badımcanların qulplarını kəsin.

Daha sonra təmizlənmiş badımcanları bir dərin qaba yığıb çəngəllə əzin. Heç vaxt blenderdə qarışdırmayın! Badımcanlar bir az diri qalmalıdır.

Tahin, zeytun yağı, sarımsaq, limon suyu və adi qatıq əlavə edin. Zövqə görə duz vurun. Yaxşıca qarışdırın. Hazır əzməni qaşıqla boşqaba qoyun. Üzərinə bir az zeytun yağı gəzdirin və cəfəri səpin. Əgər istəsəniz sumaq da səpə bilərsiniz.

Resepti bəyənirsən? Bunu dostlarınızla bölüşün!

Oxşar reseptlər



1556