Mimoza Salatı

Mimoza Salatı

Porsiyalar
10 pay üçün
TƏRKİBİ

    450 qram dərisiz və sümüksüz toyuğun döş əti

    1/2 stəkan xırda doğranmış qoz ləpəsi

    4 ədəd orta boy kartof

    4 ədəd bişmiş yumurta (ikisinin sarısını üstü bəzəmək üçün ayırın)

    3 ədəd orta boy yerkökü

    Duz

    6-8 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6-8 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)

    Şüyüd, üstü üçün

    Rəndələnmiş Holland pendiri, üstü üçün

    2 bişmiş yumurtanın sarısı

Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma bütün respublikalarda mənimsənib sevilirdi. Salata gözəl görünüş verən onun üstündəki mimoza gülünə bənzər bəzəyidir. Bu bəzəyi şüyüd və yumurta sarısından hazırlayırlar. Sovet vaxtı mimoza gülü Qadınlar Günü bayramının simvolu idi, və bu salat da elə o bayram üçün yaranmışdı.

 

Hazırlanması

1. Toyuq ətini bir çimdik duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda əlinizlə didin.

2. Kartof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun. Ayırdığınız 2 yumurta sarısını sürtgəcin xırda gözündən keçirin.

3. Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.

toyuq ətinin yarısı
xama-mayonez qarışığı
qozun yarısı
kartofun üçdə biri
duz
xama-mayonez qarışığı
yumurtaların yarısı
duz
yerkökünün yarısı
xama-mayonez qarışığı

4. Layları eyni şəkildə davam edin. Ən üstdə qalan üçdə bir kartof olmalıdır.

5. Axırıncı layın üstünə və istəyə görə salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri sərpişdirin. Şüyüd yarpaqları və yumurta sarısı ilə salatı bəzəyin (videoya baxın).

6. Soyuducuda ən az 1 saat saxladıqdan sonra süfrəyə verin.

Resepti bəyənirsən? Bunu dostlarınızla bölüşün!

Oxşar reseptlər



211